Azərbaycan və Özbəkistan futbol üzrə U-20 dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər

Oktyabrın 2-də FIFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

AFFA-dan verilən məlumata görə, İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.

Bununla da futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

Qeyd edək ki, U-20 dünya çempionatı 1977-ci ildən etibarən iki ildən bir təşkil edir. Bu turnirin sayca 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər.

İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.

Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil olunan son turnirin qalibi isə Uruqvay yığması olub.

Digər Xəbərlər