Azərbaycanda bir gündə üç avrokubok matçı keçiriləcək
- 04.08.2023 15:12
- 131 baxış
“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki ilk oyunlarının vaxtı və təyinatları açıqlanıb.
Qitə futbol qurumunun rəsmi saytının yaydığı məlumata görə, hər iki komanda avqustun 10-da rəqibini öz meydanında qəbul edəcək.
“Sabah”ın Serbiya klubu “Partizan”la “Bank Respublika Arena”da keçirəcəyi görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı gürcüstanlı Giorgi Kruaşvili idarə edəcək. Ona həmyerliləri Levan Varamişvili və Zaza Pipia kömək göstərəcəklər. Matçın dördüncü hakimi Aleko Aptsiauri olacaq.
“Neftçi” isə Türkiyə təmsilçisi “Beşiktaş”ı saat 21:00-da “Neftçi Arena”da qəbul edəcək. Bu oyunda isveçrəli Lukas Fandrix baş, Conas Erni və Guillaume Mayre köməkçi hakim olacaqlar. Ehtiyat referi funksiyasını Lionel Tsçudi yerinə yetirəcək.
“Neftçi”nin “Beşiktaş”la səfər görüşünün vaxtı da müəyyənləşib. Avqustun 17-də İstanbulda baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Maraqlıdır ki, daha əvvəl “ağ-qaralar”ın ilk oyunu səfərdə keçirəcəkləri açıqlanmışdı. Lakin həmin gün İstanbulda “Fənərbağça” da avrokubok oyununa çıxacağından matçların yeri dəyişdirilib. Belədə isə ölkəmizdə üç avrokubok oyunu eyni gündə baş tutacaq. “Sabah” və “Neftçi” ilə yanaşı, “Qarabağ” da meydana çıxacaq. “Atlılar” Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HIK klubunu qəbul edəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.