Bu gün SOCAR-ın yaranma günüdür

Bu gün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) yaranma günüdür.

Edalettv.Az xatırladır ki, Azərbaycanın milli neft şirkəti olan SOCAR 13 sentyabr 1992-ci ildə Azərineft Dövlət Konserninin və "Azərnefkimya" İstehsalat Birliyinin bazasında yaradılıb.

Şirkətin yaradılmasında məqsəd Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək idi.

SOCAR neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan, inteqrasiya olunmuş şirkətdir.

Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən "Azərneft" birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olub və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanıb.

Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var.


Hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən SOCAR çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.

SOCAR respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur.

O, həmçinin, böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirir.


Hazırda Azərbaycanda neftlə zəngin 57 yataq mövcuddur ki, bunun 18-i Xəzər dənizinin Azərbaycan sektorunda, qalanı isə qurudadır.

Ümumiyyətlə, Xəzər hövzəsi 30 milyard tona yaxın neft, 18-20 trilyon kub metr həcmində qaz ehtiyatına malikdir ki, bu da dünyanın karbohidrogen resurslarının 15%-ni təşkil edir. Xəzər hövzəsinin Azərbaycana aid bölgəsində isə 3-5 milyard ton neft, 5 trilyon kub metr həcmində qaz ehtiyatı mövcuddur.

Digər Xəbərlər