Xırdalandakı kabus binada nə baş verir? - 16, 15 və 13 yaşlı üç qız...
- 05.09.2023 14:19
- 111 baxış
Xırdalan şəhərində dalbadal üç yeniyetmənin intiharı güclü ictimai narahatlıq yaradıb. Xüsusilə də, 16, 15 və 13 yaşlı yeniyetmələrin, deyildiyinə görə, eyni binanın yuxarı mərtəbələrindən atılması, eyni hazırlıq müəlliminin yanına getməsi və hər üçünün qız olması insanlarda böyük şübhələr doğurub.
Bu haqda kriminalist ekspert İlqar Altay deyib.
Onun fikrincə, qanunla bu işi prokurorluq araşdırmalı və polis də əməliyyat tədbirləri aparmalıdır:
“İlk növbədə, məsələnin ağır tərəfləri: maniakal pedofiliya, ya digər motivlə qəsdən adamöldürmə, sonra özünü öldürməyə vadar etmə variantları səhih yoxlanılıb araşdırılmalıdır. Bu halların, əməllərin olması halında cinayət işi və təqibi başlanmalı, cinayətkarlar tapılıb ən sərt cəzalarını almalıdırlar.
Əgər tam yəqin edilərsə ki, sadəcə, intihar aktıdır, qeyri-kriminal məişət, sosial, fərdi və s. səbəbi araşdırılmalıdır ki, qarşısı alınıb təkrarlanmasın.
Bu halda səbəb nə ola bilər? Fikirlərim belədir:
Ümumiyyətlə, əksər ölkələrdə son dövrlər uşaq, yeniyetmə, gənc (əsasən, 13-21 yaş) intiharı, ölümü çox artıb. Və bədbəxt hadisə, avtoqəza və s. müxtəlif ölümlərin cəmindən sonra ikinci yerdədir.
İntiharları motivinə görə ümumiyyətlə üç tipə bölmək olur.
1. Təbii intihar - emosional gərginliyin yaratdığı depressiya, ya əhvalın sıxıntısının, çətinliklərin yaratdığı, öz həyatından, yaşamaqdan bezmə.
2. Nümayişkaranə intihar - ölmək həvəsi deyil, daha çox, öz problemlərinə diqqət cəlb etmə, haqsızlığa qarşı etiraz, köməyə çağırış motivli.
3. Qeyri-təbii, yanakı intihar - ekstremal və riskli hərəkətlərlə özünü fərqli, üstün göstərmə kimi davranışla (məsələn, maşınla fokuslar çıxarma), bilərək ki, bu onun həyatına son qoya bilər.
Bizim bu konkret üç yeniyetmə hadisəsində isə (əgər kriminal yoxdursa!) düşünürəm ki, Verter effekti adlanan, bir-birinə baxıb, təkrarlayan intihar silsiləsi ola bilər. Təcrübədə belə hallar çox olur, çox rast gəlmişik. Eyni məhəllə, mühitdə yaşayıb, eyni tərzdə həyat sürən və ya təhsil alan yeniyetmələrin silsiləvi intiharına. Və bu halda testlərə hazırlıq, yüksək gərginliyin zərif yeniyetmələrə depressiv təsiri də ola bilər. Üstəlik, kəsilmə qorxusu, həyəcanı, “biabırçılığı”.
Ümumiyyətlə, bizim Azərbaycanda yarış, bəhsə girmə, xüsusən də ali məktəblərə daxil olma ərəfəsi xeyli üzücü, emosional gərginlik yaradır ailələrdə, uşaqlarda. Birinin uşağı qəbul olmur, kəsilirsə, o evdə, elə bil, faciə, matəm olur. Çünki qohum-qonşu sanki valideyni hədəfə götürüb, dəstək əvəzinə, mənəvi cəhətdən sıxır, depressiyaya salır, valideyn də uşağını sıxır, lap depressiyaya salır!
Digər tərəfdən, hazırlıq müəllimləri də həddən çox yükləyirlər uşağı, düşünmədən ki, bu cəmi 16 yaşlı kövrək uşaqdır, yükə davam gətirməz! Niyə yükləyir? - Öz prestiji və testlərin çətinliyinə görə. İmtahan testləri də nədənsə ildən-ilə lazımsız, bəzən mənasız suallarla çətinləşdirilir.
Və bütün bunlar - cəmiyyət, valideyn, müəllim və testin yükü 16-17 yaşlı kövrək uşağın belinə yüklənir, həm fiziki, həm psixoloji.
Almaniyada, Avropada isə yalnız 19-20 yaşlı yetişmiş oğlanlar, qızlar ali təhsilə başlayırlar. Təhsil ilə paralel, övladın sağlıqla da təmini lazımdır axı.
Ali təhsil testi ərəfəsi yeniyetmə intiharı sayını hesablasaq, bu analizim, yəqin, təsdiqini tapar.
Yenə qayıdıram bu fikrə ki, məsələnin əvvəlcə kriminal tərəfləri ciddi, obyektiv surətdə araşdırılmalıdır. Özüm də ixtisaslı biri kimi məsələnin təhqiqatının gedişatını çalışıb müşahidə edəcəyəm”.