Bakıda TDT ölkələri fövqəladə hallar nazirlərinin ikinci iclası öz işini yekunlaşdırıb
- 07.09.2023 12:59
- 100 baxış
Sentyabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz iştirak ediblər.
TDT-yə üzv və müşahidəçi dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasının keçirilməsində məqsəd təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində “Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş” layihəsinin müzakirəsi olub.
İclası açıq elan edən Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iclas iştirakçılarını səmimiyyətlə salamlayaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində baş tutan tədbirin təşkilata üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə müvafiq dövlət qurumları arasında faydalı əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edib.
Nazir türk dövlətləri liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında hərtərəfli münasibətlərin ildən-ilə sürətlə genişləndiyini vurğulayıb. Ölkələrimiz arasında sıx inteqrasiya prosesləri qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə genişləndirib, türk dünyasının birliyini, gücünü, qüdrətini artırıb. 2023-cü ilin fevral ayında qardaş Türkiyədə baş vermiş və bütün türk dünyasını sarsıtmış dağıdıcı zəlzələni xatırladan Kəmaləddin Heydərov dəhşətli təbii fəlakətlə mübarizədə türk dövlətlərinin dəstəyini ölkələrimiz arasında həmrəyliyin bariz nümunəsi adlandırıb.
Bu çərçivədə, fövqəladə hallarla mübarizə üzrə ölkələrimizin aidiyyəti dövlət qurumları arasındakı əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Təbii və texnogen xarakterli fövqəladə halların getdikcə geniş vüsət aldığı müasir dünyada ölkələrimizin fövqəladə hallarla koordinasiyalı mübarizəsinin əhəmiyyətini qeyd edən nazir K.Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası və iclas çərçivəsində yekun müzakirəsi keçiriləcək “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında” Sazişin qurumlar arasında əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətinə də toxunub.
İclasda çıxış edən TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasına Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakının ev sahibliyi etməsinə görə təşəkkür edib. K.Ömüraliyev nazirlərin Bakı görüşünün təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində türk xalqları və dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinə növbəti təkan verəcəyinə əmin olduğunu deyib.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz keçirilən tədbirin əhəmiyyətini vurğulayıb, irimiqyaslı fövqəladə hallarla mübarizə üzrə türk dövlətləri arasında koordinasiyalı fəaliyyətin vacibliyini qeyd ediblər.
İclasda “Türk Dövlətləri Təşkilatı Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş” layihəsinin yekun müzakirəsi aparılıb.
Çıxışlardan sonra Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasının bəyannaməsi imzalanıb.
Sonda tədbir iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.