Belarus Prezidenti Aleksandr Lukaşenko: "Ermənilər bizdən başqa kimə lazımdır?"

"Postsovet regionunun bəzi ölkələri Rusiyadan nəsə əldə etmək istəyirlər, amma əvəzində heç nə vermək istəmirlər".

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko "Rossiya" telekanalına müsahibəsində deyib.

"Biz - Belarus və Rusiya, faktiki olaraq, eyni gəmidəyik. Gəmi çevrilərsə, ikimiz də boğulacağıq - Rusiya da, Belarus da. Nə gizlədək? Biz, Belarus, bəzi postsovet dövlətlərimiz kimi, oyun oynamağa başlamırıq: istəyirlər ki, Rusiyadan nəsə əldə etsinlər, amma əvəzində heç nə verməsinlər", - deyə Lukaşenko bildirib.

O, əminliyini ifadə edib ki, fövqəladə hal olarsa, MDB ölkələri kömək üçün Rusiya və Belarusa müraciət edəcəklər. Eyni zamanda postsovet məkanında qurulmuş iqtisadi əlaqələri də pozmamağa çağırıb.

Aleksandr Lukaşenko, həmçinin Ermənistanın hazırkı rəhbərliyinin siyasətinə də toxunub.

"Ermənilər bizdən başqa kimə lazımdırlar? Heç kimə. Qoy öz iqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqətlərini cəmləsinlər. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq", - deyə Belarus prezidenti əlavə edib.

Digər Xəbərlər