"Əsrin fəlakəti"ndən üç il ötür
- 06.02.2026 08:02
- 71 baxış
2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələlərdən üç il ötür.
Edalettv.Az xatırladır ki, Türkiyənin Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbakır və Şanlıurfa bölgələrini əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr dağılıb.
Hadisə nəticəsində 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Həmçinin 38 min 901 bina dağılıb.
Belə ki, 11 vilayət, 124 rayon, 6 929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub.
Təbii fəlakət bölgəsinə 650 min nəfərlik işçi qüvvəsi cəlb olunub. Onlardan 11 488-i beynəlxalq olmaqla 35 250-si axtarış-xilasetmə, 142 mini isə təhlükəsizlik işçisi idi. Bütün bu işlərin aparılması üçün 20 min avtomobil və tikinti texnikası, 141 helikopter, 182 təyyarə və 23 gəmi ayrılıb.
İlkin mərhələdə bölgəyə bir milyon çadır çatdırılıb ki, bu da təxminən 2.5 milyon zərərçəkənin müvəqqəti sığınmasına imkan yaradıb. Bölgədən 3 milyon 549 min nəfər təxliyə edilib. Bu dövrdə "Türk Hava Yolları" 13 min 701 uçuşla iki milyondan çox sərnişin daşıyıb, zəlzələ bölgəsinə 32 770 ton yardım materialı çatdırıb.
Həmin vaxt Azərbaycan da baş verən faciəyə biganə qalmadı. Dağıdıcı zəlzələdən dərhal sonra rəsmi Bakı və xalqımız qardaş ölkəyə ən böyük dəstək verən tərəflərdən biri oldu. 900-dən çox xilasedici və tibbi personal, yüzlərlə ton humanitar yardım (çadır, qızdırıcı, ərzaq) göndərildi, həmçinin ümumilikdə 100 milyon dollar vəsait yenidənqurma işləri üçün ayrıldı.
Azərbaycan xalqı könüllü olaraq fəlakət bölgəsinə yardımlar topladı, həmçinin qanvermə aksiyalarında fəal iştirak etdi. Xalqımız qardaş ölkəyə müxtəlif geyim vasitələri, qidalar, yataq dəstləri, qızdırıcılar və s. məhsullar göndərdi.
Bundan başqa, 19 iyun 2025-ci ildə Kahramanmaraşda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ölkəmiz tərəfindən inşa olunan "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirildi.
Dövlət başçısı İlham Əliyev açılış mərasimində çıxış edərək bildirdi ki, "Azərbaycan" məhəlləsinin yaradılması çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaqlar.

