"Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür

Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümü tamam olur.

Edalettv.Az xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.


Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır.

İlkin olaraq 30 il müddətinə imzalanmış AÇG sazişi 12 dekabr 1994-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cü il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və "Əsrin müqaviləsi" kimi tanınır.

Saziş ratifikasiya olunduqdan sonra SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkəti (bp, "Amoco", "Unocal", "LUKoil", "Statoil", "Exxon", TPAO, "Pennzoil", "McDermott", "Ramco" və "Delta Nimir") tərəfindən təşkil olunmuşdu.

1999-cu ilin iyun ayından etibarən bp ABƏŞ üzrə operatorluq funksiyasını üzərinə götürüb.


Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25%), MOL (9,57%), "Inpex" (9,31%), "Equinor" (7,27%), "ExxonMobil" (6,79%), TPAO (5,73%), "Itochu" (3,65%), "ONGC Videsh Limited" (OVL) (2,31%).

AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2 000 - 3 500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin, yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.

Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: "Çıraq" yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca "Azəri" layihəsi "Mərhələ 1" - "Mərkəzi Azəri"dən hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı, ikinci faza "Qərbi Azəri" və "Şərqi Azəri" platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında başlanılıb. AÇG yatağının işlənməsinin növbəti üçüncü fazası çərçivəsində "Dərinsulu Günəşli" platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra "Qərbi Çıraq" platformasını əhatə edən Çıraq Neft Layihəsi davam edib. Həmin platformadan ilk neft 28 yanvar 2014-cü il tarixində əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə "Mərkəzi-Şərqi Azəri" layihəsidir. Bu layihəyə 2019-cu ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. Bu layihə hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2023-cü ildə gözlənilir.

AÇG yatağının işlənməsinin uğurunu nəzərə alaraq, Azərbaycan hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 14 sentyabr 2017-ci il tarixində imzalayaraq AÇG sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar.

Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard ABŞ dollardan çox kapital qoymağa imkan verir.

Digər Xəbərlər