İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də "Formula-1"in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, Formula 1-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.

AZƏRTAC xəbər verir ki, "Formula-1"in növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu yarışların Azərbaycanın dünyada daha çox tanıdılması baxımından ildən-ilə böyük rol oynadığını qeyd edib.

Dövlətimizin başçısı "Formula-1"in Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə Stefano Domenikaliyə və Flavio Briatoreyə minnətdarlığını bildirib.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparılıb. "Formula-1"in Azərbaycanda avtomobil idmanının inkişafı sahəsinə verdiyi töhfələr də vurğulanıb. Həmçinin ölkəmizdə kartinqin inkişafı məsələlərinə toxunulub.

Görüşdə COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd edilib, ekologiya sahəsində davamlılıq məsələsində də "Formula-1"in daha fəal olmasının önəmi vurğulanıb.

Dövlətimizin başçısı qonaqları COP29 tədbirində iştiraka dəvət edib.

Bakının inkişafının onda dərin təəssürat hissi yaratdığını deyən Naomi Kempbell paytaxtda şahidi olduğu müasir infrastrukturu, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzini məmnunluqla qeyd edib.

Britaniyalı supermodel ölkəmizdə modanın inkişafına töhfə və azərbaycanlı dizaynerlərin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirib.

Digər Xəbərlər