Kəlbəcərin Zar kəndinə işıq çəkilir

“Azərişıq” ASC hazırda Kəlbəcərin Zar kəndi istiqamətində 35 kV-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlayıb.

Bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, hazırda bu məqsədlə xətlərin daşınması üçün dayaqlar basdırılır, xətlər çəkilir. Paralel olaraq Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır.

“İzolyasiyalı kabellərin açıq xətlərlə müqayisədə üstünlükləri çoxdur. Yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma halları tez-tez baş verir. Əlavə olaraq meşə zolağından keçən hissədə ağacların budağının toxunması nəticəsində də açılmalar olur. Çətin relyefə malik belə yerlərdə baş verən qəzaların aradan qaldırılması da kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə belə problemlər yaranmır. Nəticədə abonent dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmaqla yanaşı, itkilər də azalır.

Üstəlik, açıq kabellərdə mühafizə sonası 30 metr olmalıdır. Xətlərin onlarla kilometr uzunluğunda olduğunu nəzərə alsaq, nə qədər boş torpaq sahəsi itkisi olduğunu təsəvvür etmək çətin deyil. İzolyasiyalı kabellərdə isə mühafizə zonası cəmi dörd-altı metrdir. Bu da qəza baş verəcəyi halda texnikaların işləyə bilməsi üçün nəzərdə tutulub”, - məlumatda deyilir.

Prezident İlham Əliyevin 2022-ci il 26 iyun tarixində təməlqoyma mərasimində iştirak etdiyi Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir. Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir avadanlıqlarla təchiz ediləcək. Bu da gələcəkdə Kəlbəcərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, Kəlbəcər şəhəri elektrik enerjisi ilə 18 iyul 2020-ci tarixində təmin edilib.

Digər Xəbərlər