Oktyabrın 25-i Qubadlı Şəhəri Günüdür
- 25.10.2024 08:09
- 60 baxış
Azərbaycanda Qubadlı Şəhəri Günü qeyd olunur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı müvafiq sərəncama əsasən, 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi təsis edilib.
Edalettv.Az xatırladır ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
İşğal müddətində ermənilər həm Qubadlı şəhərini, həm də rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrimizə, qəbiristanlıqlarımıza, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədiblər.
İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədərək meşələrdəki nadir ağac və bitki növlərini məhv ediblər.
2020-ci il oktyabrın 25-də müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini işğalçılardan azad edərək, həmin ərazilərdə üçrəngli bayrağımızı dalğalandırıb.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.
31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənədək Qubadlının inzibati bölgüsünə 1 şəhər, 93 kənd və 31 inzibati-ərazi dairəsi aid idi.
Qubadlı rayonunun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı - 2 010 m, Pirdağ - 1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı - 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı - 1 075 m) hissəsinə daxildir.
Rayonun ərazisində Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qolları olan Kiçik Həkəri, Meydandərəsi və digərləridir.