Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks yeddisi beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var. Onlardan səkkizi birotaqlı, 136-sı ikiotaqlı, səkkizi ikiotaqlı studiya tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studiya tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilir.

Altı kvartaldan ibarət kompleksin inşası keyfiyyətlə həyata keçirilib. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə verilib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Bu gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bu münasibətlə sizi, bütün cəbrayıllıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl hadisəni biz dörd il sonra bu gün Cəbrayılda qeyd edirik. Bildiyiniz kimi, mənim sərəncamımla 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilib. Əminəm ki, bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik.

Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olub və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərib və işğalçıları Cəbrayıl şəhərindən qovub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərib. Biz şəhidlərimizlə əbədi fəxr edəcəyik. Əlbəttə, Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərib, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəldib. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı.

Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirildi. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır. Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi, özü də bütün təpələrdə onlar yerləşmişdilər, Cəbrayılda da, həmçinin. Şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bildilər.

Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatdı və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açıldı. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getdi və qeyd etdiyim kimi, döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bildik. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Beləliklə, İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bildi.

Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verildib. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başladı və bu gün Cəbrayıla gələn hər bir insan görür, həm köhnə yol, hansı ki, sovet vaxtında olan yol yenidən qurulub və mən o yolu çox yaxşı xatırlayıram. Çünki Zəfərdən sonra o yolla dəfələrlə bu bölgələrə gəlmişəm. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir.

Digər infrastruktur layihələrinin icrası da uğurla, sürətlə həyata keçirilir. Təkcə Cəbrayıl rayonunda yox, bütün azad edilmiş bölgələrdə. Dünən burada olarkən biz yeni məktəbin açılışını qeyd etdik və siz də bilirsiniz ki, gələn həftədən başlayaraq uşaqlar artıq məktəbə gedəcəklər. Bu yeni məhəllədə xəstəxananın tikintisi və müvəqqəti olaraq tibb məntəqəsi də nəzərdə tutulur. Əlbəttə, belə gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.

Deyə bilərəm ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmayıblar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planı təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Dünən mən tikintisi gedən Horovlu kəndinin bərpası ilə tanış olmuşam. Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilib və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar.

Amma bununla işlərimiz bitmir. Biz, eyni zamanda, buraya qayıdacaq insanların məşğulluğu ilə məşğuluq. Təkcə dünən Cəbrayıl rayonunda yerləşən beş yeni müəssisənin təməlini qoydum. O vaxta qədər "Araz Vadisi Sənaye Zonası"nda 10-a yaxın müəssisənin həm təməli qoyulmuşdu, həm də ki, bir müəssisə artıq fəaliyyətdədir. Təkcə dünən təməlini qoyduğum müəssisələrdə mindən çox insan çalışacaq. Bu müəssisələri ərsəyə gətirən iş adamlarına da mənim tövsiyəm o idi ki, orada işləyənlərin əksəriyyəti Cəbrayıla qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Yəni həm yaşayış yerləri, həm bütün infrastruktur - su, qaz, elektrik enerjisi, yollar, məktəblər, xəstəxanalar, eyni zamanda, məşğulluq.

Dünən təməlini qoyduğum müəssisələrin fəaliyyətə başlaması gələn il nəzərdə tutulur. Bəlkə də, bəzi müəssisələrin daha genişmiqyaslı fəaliyyəti olacaq və ilyarıma ərsəyə gələcək. Yəni bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Bizim bu görüşümüz də bu dağıntılar arasındadır.

Mən tarixi Zəfərimizdən sonra birinci dəfə Cəbrayıla gələndə dəhşətə gəldim. Biz bilirdik ki, ermənilər bizim torpaqlarımızda öz vəhşiliyini hər yerdə göstərmişlər. Bilirdik ki, ərazilərimizin böyük əksəriyyəti dağıntılar içindədir. Amma bu dərəcədə vəhşiliyi, qeyri-insani hərəkətləri təsəvvür etmək mümkün deyildi. Cəbrayılda, demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdilər. Qalan bütün şəhər, bax, bu cürdür və bunu görmək istəməyən, Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Görürlər, amma görməzliyə vururlar.

Bizi ittiham edirlər, bizə qarşı sanksiyalar tətbiq edilir. Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməyib. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozub, torpaqlarımızın təxminən 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb, Xocalı soyqırımını törədib, bütün şəhər-kəndlərimizi viran qoyub. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr. Onlar hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdular. Halbuki, Təhlükəsizlik Şurasının qətnamələri mütləq icra edilməlidir. 1993-cü ildə dörd qətnamə qəbul edildi. Kimsə 2020-ci ilə qədər onlara bir söz dedi ki, sən o torpaqları işğal etmisən, oradan çıxmalısan? Xeyr. Minsk qrupu nə ilə məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə. Minsk qrupunun fəaliyyəti bundan ibarət idi. Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın. Bax, bütün bunları biz eşitmişik, həm rəsmi çıxışlarda, həm bağlı qapılar arxasındakı təmas əsnasında. Bizim isə mövqeyimiz birmənalı, qətiyyətli idi və dəyişməz idi: bir qarış torpaq işğal altında qala bilməz! Məsələ sülh yolu ilə həllini tapmasa, biz məsələni müharibə yolu ilə həll edəcəyik. Mənim sözlərim bütün arxivlərdə var. Buna nə desələr, yaxşıdır?! Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər.

Bu ədalətsizliyin dərəcəsinə baxın ki, bizim torpaqlarımızı Ermənistana bağışlamaq istəyən ölkələr bu münaqişənin guya həlli ilə məşğul olurdular. Amma onların əsl niyyəti bizi daim təzyiq altında saxlamaq və bu torpaqları Ermənistana bağışlamaq idi. Onların təklifləri nədən ibarət idi? Ondan ibarət idi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə müstəqillik verilsin. Axı bu riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?! Bu gün Rusiya-Ukrayna müharibəsinə baxın, Qərb dövlətləri, Fransa, Amerika, o birilər nə deyirlər? Deyirlər, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir, Ukrayna silahdan istifadə etməlidir. Bütün növ silahları Ukraynaya verirlər. Yaxşı, bəs bizim işğal altında olan torpaqlarımıza niyə münasibət fərqli idi? Axı bizim də ərazi bütövlüyümüz pozulmuşdu. Bizim insanlar - 1 milyon insan evsiz-eşiksiz qalmışdı. Kim bizə kömək edirdi? Vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, çadırlarda 1 milyon insan yaşayanda niyə bu dərəcədə ikiüzlülük göstərilirdi? Bu suallara cavab tələb edirik. Amma cavabı biz harada görürük? Yenə də anti-Azərbaycan addımlarında. Bu gün səhər mənə məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri-özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz - Cəbrayılın sakinləri.

Başqa yerlərdə də bütün Azərbaycan kəndlərini bax bu günə qoyublar. Məscidlərimizi dağıdıblar, heyvanxana düzəldiblər, inək-donuz saxlayıblar. Qərbdə bir adam deyib ki, Azərbaycanın mədəni irsi talan edilir, dağıdılır, təhqir edilir? Yox. Ancaq bizi nədə ittiham edirlər? Guya biz hansısa tarixi irsi məhv edirik. Tamamilə əsassızdır. ABŞ 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdi, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün? Bax buna görə, buna görə, bu binaya görə. Bunun kimi bütün bölgələrdə inşa etdiyimiz, bərpa etdiyimiz keçmiş köçkünlərimizin yaşayış yerlərinə görə. Bax, onların gözü bunu götürmür, bu günü götürmür. Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana ABŞ-dən sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu bir neçə gün bundan əvvəl demişəm. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir. Açıq demək lazımdır, yəni diplomatik dillə qoy diplomatlar danışsınlar. Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir.

Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədə, heç bir şirin sözə, yalançı ifadələrə aldanmamalıyıq. Xüsusilə mən gənc nəsli nəzərdə tuturam. Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında. Yəni gənc nəslin şüuruna təsir etsələr, demək olar ki, Azərbaycanın gələcəyinə təsir edəcəklər, heç vaxt gənclər unutmasınlar.

Bu dağıntılar, təbii ki, bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır. Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil. Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri, görəsən, nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni dediyim kimi, şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz.

Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə, bəlkə, 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik.

Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik. Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Mən bu sözləri istənilən yerdə deyə bilərdim. Çünki yenə də deyirəm, Azərbaycan xalqına həmişə həqiqətləri deyirəm, fikirlərimi deyirəm. Dünyada vəziyyət dəyişir. Əlbəttə ki, bizim də hadisələrə münasibətimiz adekvat olmalıdır. Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsinlər, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsınlar.

Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik.

Sizə isə mən burada xoşbəxt həyat arzulayıram. Siz buna layiqsiniz. Siz uzun illər çadırlarda, qaçqın düşərgələrində yaşamısınız. Biz imkan daxilində çalışmışıq ki, həyatınızı bir az yüngülləşdirək. Burada artıq 100-dən çox insan məskunlaşıb, bu gün də, dünən də gələnlər var. Onlardan bir hissəsi Biləsuvardakı qaçqın şəhərciyində yaşamışdır. Yəqin ki, mənim o şəhərciyə gəlişimi xatırlayan da var. Birinci dəfə 20 il bundan əvvəl orada olmuşam. Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və təqribən 300 minə yaxın, bəlkə də, çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilib. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşayıb. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəklər. Bir daha sizi təbrik edirəm.

Digər Xəbərlər