Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.

Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlətimizin başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.

Dövlət başçısı bu dəvəti məmnunluqla qəbul edib.

Digər Xəbərlər