Zaxarova: “Ermənistan-Azərbaycan münaqişəsinin həllində Fransanın vasitəçiliyinin heç bir nəticəsi olmayıb”

“Ermənistan-Azərbaycan münaqişəsinin həllində Fransanın vasitəçiliyinin heç bir nəticəsi olmayıb”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NEWS.ru-nun müxbirinin sualına cavabında deyib.

Onun sözlərinə görə, Moskvanın Fransa Prezidenti Emmanuel Makronun Qarabağ məsələsinin həllinə töhfə verə biləcəyi ilə bağlı heç bir illüziyası yoxdur.

“Makron bizi təəccübləndirə bilir. Məsələn, iyunun 28-də o demişdi ki, Qarabağ ətrafındakı vəziyyətlə bağlı dəqiq mövqeyə malik olan yeganə şəxsdir və praktiki olaraq təkbaşına bu mövzunu dünya ictimaiyyətinin gündəmində saxlayır. Bu cür açıqlamalardan sonra adamda belə bir təəssürat yaranır ki, Fransa prezidentinin cəsarəti təvazökarlığından da çoxdur. Təəssüf ki, o, bu cür “səmərəli” işin əməli nəticəsi barədə heç nə demədi. Proses var, amma nəticə yoxdur, ya da bəlkə, nəticəni heç kim görmədiyi üçün heç nə demədi”, - deyə Zaxarova bildirib.

O əlavə edib ki, Paris hökuməti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Fransanın rolunu nüfuzdan salıb.

Qeyd edək ki, iyunun 1-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Şarl Mişel, Fransa prezidenti və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə beştərəfli görüş keçirilib.

Daha sonra rəsmi Bakı bildirib ki, Makron Kişineuda keçirilən beştərəfli görüşün yekunları üzrə verdiyi bəyanatla onun nəticələrini və tərəflərin mövqeyini təhrif edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin sözlərinə görə, Fransa liderinin bəyanatları Bakı ilə İrəvan arasında sülh prosesinə köməklik etmir.

Digər Xəbərlər