Zəngilan şəhərinin işğaldan azad edilməsindən beş il ötür
- 20.10.2025 08:09
- 99 baxış
Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən beş il ötür.
Edalettv.Az xatırladır ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır - bir neçə ərazimiz işğaldan azad edilir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün "X" səhifəsində xalqımızın torpaq itkisi kədərini azadlıq sevinci ilə əvəzləyən xəbəri verir. Ölkə başçısı ardıcıl paylaşımlar edərək dörd rayonun kəndlərinin, eləcə də Zəngilan şəhərinin işğaldan azad olunduğunun müjdəsini bir daha xalqla bölüşür:
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"
Təbii ki, Zəngilanın azad edilməsi şanlı zəfər tariximizin silinməz salnamələrindəndir. Rayonun işğaldan azad olunması həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən 20 oktyabr - Zəngilan şəhər günü kimi qeyd olunur.

