Zorla Ukraynadakı müharibəyə göndəriləcəkləri iddia edilən azərbaycanlılar ölkəyə gətiriliblər
- 24.09.2024 15:18
- 61 baxış
eçenistanda saxlanılan Azərbaycan vətəndaşları ölkəyə gətiriliblər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşlarının vətənə dönüşü ilə bağlı medianın sualına cavabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları - 1975-ci il təvəllüdlü Elxan Əkbər oğlu Şirinovun, 1982-ci il təvəllüdlü Vüqar Nazim oğlu Məhərrəmovun və 2004-cü il təvəllüdlü Nihad Tafdıq oğlu Rzayevin saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə (XİN) nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb.
"Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub. Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib", - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, təqribən bir ay bundan əvvəl Çeçenistanda 3 nəfər Azərbaycan vətəndaşları Elxan Şirinov, Vüqar Məhərrəmov və Nihad Rzayevin Rusiya Federasiyası miqrasiya qanunlarını pozmaları ittihamı ilə saxlanıldıqları, daha sonra Elxan Şirinov və Vüqar Məhərrəmovun Ukraynada müharibəyə göndərilmək məqsədilə Qroznıda təlimlərə cəlb olunduqları barədə xəbərlər yayılmışdı.