ABŞ-nin dövlət katibi Azərbaycan Prezidentinə zəng edib
- 28.11.2023 11:22
- 96 baxış
Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə AZƏRTAC xəbər verir.
Qeyd olunur ki, telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.
Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə altkomitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.
Azərbaycan tərəfinin ABŞ-nin Azərbaycana münasibətdə yüksəksəviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.
Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Brayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.
Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.