Abşeronda sərxoş gənc küçədə maşını qaçıraraq qəza törətdi
- 21.11.2023 11:22
- 103 baxış
Abşeron Rayon Məhkəməsində avtomobil qaçırmaqda təqsirləndirilən Rafiq Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunub.
İttihama görə, hadisə 8 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Rafiq Əsədov sərxoş vəziyyətdə zərərçəkmiş Tahir Məmmədova (şərti) məxsus evin qarşısında saxlanılmış sonuncunun etibarnamə əsasında idarə etdiyi VAZ-21063 markalı avtomobilinin qapısının açıq və açarının maşının saxlanc yerində olduğunu görüb. O, bundan istifadə edib sükan arxasına əyləşib, nəqliyyat vasitəsini sürərək qaçırıb. Daha sonra Rafiq həmin maşını Mehdiabad-Pirşağı yolu ilə idarə edərkən müxtəlif maneələrə vurub. Nəticədə zərərçəkmiş Tahir Məmmədova 500 manat dəyərində ziyan dəyib.
Hadisədən sonra Rafiq Əsədov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) maddəsi ilə ittiham irəli sürülüb.