Ağdərədə torpaq icarəyə götürmək istəyənlərin nəzərinə - QAYDA AÇIQLANDI
- 30.12.2025 14:13
- 75 baxış
Dekabrın 30-dan etibarən Ağdərə rayonunun Həsənriz kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Həsənriz kəndində məskunlaşan və yaşayan sakinlərdən elektron ərizələrin qəbulu prosesi 2026-cı ilin fevral ayının 2-si günün sonunadək davam edəcək.
Edalettv.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Həsənriz kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan), əkin üçün uyğun kənd ətrafında yerləşən əraziləri əhatə edir. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterik olan buğda, arpa, noxud, kartof, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. Su təminatı mümkün olan sahələrdə çoxillik bitkilərdən qoz, fındıq, şabalıd, armud, gilas və bəzi giləmeyvələr yetişdirilə bilər.
Həsənriz kəndinə köçən sakinlər aşağıdakı ardıcıllıqla torpaqlarda güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
- EKTİS-də qeydiyyatdan keçmək (fermer elektron kabinetinə avtomatlaşdırılmış qaydada sahib olmaq);
- Elektron kabinetin "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" - "Həsənriz" seçməklə ərizə formasını doldurmaq.
Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Həsənriz kəndinin olduğunu Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.
Qeyd edək ki, müraciət edən şəxslərə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması 2026-cı ilin fevral ayından etibarən başlayacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yem bitkiləri üçün 2 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

