ALİ BAŞ KOMANDAN ILƏ, FƏXR EDİRİK!
- 25.05.2024 12:00
- 2249 baxış
Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tarix yazan və qalib liderlərdəndir ki, onun siyasi xəttinə, fəaliyyətinə nəzər saldıqda liderlik potensialının, edə biləcəklərinin sərhədlərini müəyyən etmək, təsəvvürə gətirmək qeyri mümkündür.
Həmçinin, cənab Prezident siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Bu isə onun potensialının daha bir hüdudsuzluğunun göstəricisidir.
Siyasətdə sistemli, səbrli, soyuqqanlı, təmkinli və dəqiq olan Lider nəyi nə zaman edəcəyini sadəcə özü bilir. Onun atacağı addımı öncədən müəyyənləşdirmək çətindir. Zəfərlə bitən Vətən müharibəsində də bir daha sübut etdi ki, hər şeyi doğru zamanda, doğru edir.
O, hakimiyyətə gələndən böyük zəfər gününə kimi, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı belə qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
Dövlət başçısı hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətində özünün siyasi varisinin gücünü, zəkasını və siyasətçi kimi nəyə qadir olduğunu böyük əminliklə qeyd edərək yazırdı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu ondərin bu sözlərinin nə qədər müdrikcəsinə və uzaqgörənliklə qələmə alındığını, başqa sözlə, Prezident İlham Əliyevin necə siyasətçi, necə dövlət başçısı və necə şəxsiyyət olduğunu bilmək üçün sadəcə bugünkü Azərbaycan reallıqlarını görmək kifayətdir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq yalnız ölkədaxili məsələləri həll etməklə qalmır, eyni zamanda beynəlxalq aləmdə də fəal siyasət aparır, dövlətlərarası münasibətlərin, beynəlxalq təşkilatın fəaliyyətinin həyata keçirilməsinin aktiv təşəbbüskarı kimi çıxış edir. BMT çərçivəsində qlobal sülhə və təhlükəsizliyə dəstək verilməsi fəaliyyətində, beynəlxalq aləmdə ikinci ən böyük təşkilat kimi tanınan Qoşulmama Hərəkatının sədri kimi narahat dünyamızın problemlərinin həllində, İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə İslam ölkələrinin inteqrasiyasında, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının çalışmalarında, MDB ölkələrinin münasibətlərinin sıxlaşdırılmasında Prezident İlham Əliyevin aktivliyinin, sanballı təkliflərinin, ciddi addımlarının şahidi oluruq.
Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm cəhətlərindən biri də vətəndaşın sosial fəallığı ilə siyasi-ideoloji yetkinliyin bir-birini tamamlamasını təmin etməklə bağlıdır. Bu, intellektlə mənəvi-əxlaqi dəyərlərin harmoniyası sayəsində reallaşdırılır. Bu kursun nəticəsində Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni siyasi konfiqurasiya, açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Siyasi partiyaların əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi islahatların strateji hədəfləridir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi dövlət başçısının dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.
Cənab İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə keçirilmiş davamlı görüşlər demokratik ənənələrin şaxələnməsinə xidmət edən müsbət təcrübədir.
Bu gün Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunub, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömülüb, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkilib. Beləliklə, Azərbaycan Prezidenti Ermənistana və onun havadarlarına Qarabağın Azərbaycanın əzəli ərazisi olduğunu sübut edib.
Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi qələbəmizi şərtləndirən amillərdən oldu. 44 günlük bu Vətən müharibəsi və qazanılmış Qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbəri olduğu dövləti həm sosial-iqtisadi baxımdan inkişaf etdirən, həm beynəlxalq aləmdə nüfuzunu artıran, regional-qlobal anlamda aparıcı ölkəyə çevirən və ən əsası, bütün bu nailiyyətləri hərbi qələbələrlə taclandıran böyük siyasi lider, Müzəffər Ali Baş Komandan olması ilə seçilərək, daha da yüksəldi. Dövlətimizin ərazi bütövlüyünü təmin olunmasına, müqəddəs torpaqlarımızın işğaldan qurtarılmasına uğurlu Vətən müharibəsi aparmaqla nail olaraq, adını Azərbaycan və dünya tarixinə həm də mahir sərkərdə kimi həkk olunub.
Sumqayıt şəhər Şakir Mtk-nın Rəhbəri Tural Hüseynov