Almaniyada illər əvvəl səkkiz milyon avro ilə yoxa çıxan qadın təslim olmağa qayıtdı

Almaniyada səkkiz milyon avro məbləğində pulu mənimsəyərək yoxa çıxan və Türkiyəyə qaçdığı ehtimal edilən Yasemin Gündoğan üzə çıxıb.

Almaniya polisi və “İnterpol” tərəfindən axtarışa verilən qadın Almaniyaya qayıdıb. Yasemin Gündoğan Bremen şəhərində polis tərəfindən saxlanılıb.

O, Almaniyada çalışdığı pul köçürmələri şirkətindən səkkiz milyon avro mənimsəyib və iki il yarım əvvəl qara bir mikroavtobusla yoxa çıxıb. Uzun müddət Gündoğanın izini axtaran alman polisi, hətta bu cür işlərdə 100% uğur qazanması ilə tanınan özəl bir detektiv şirkətinə də göstəriş verib.

Araşdırmalarını Türkiyədə cəmləşdirən qrup hər hansı nəticə əldə etməyib. Qadının oğurluğu həyata keçirən cinayətkar dəstə tərəfindən aradan qaldırıldığı ehtimal edilib. Lakin 2,5 ildən sonra Türkiyədən Bremenə qayıdan Yasemin Gündoğan hava limanında alman polisinə təslim olub.

31 yaşlı Yasemin Gündoğan vəkil vasitəsilə qısa ifadə verib. “Təslim olmaq qərarına gəldim”, - deyə o, ifadəsində bildirib.

Gündoğan hazırda nəzarət altındadır və onun dindirilməsi prosesi davam edir. Bu qədər vaxtdan sonra niyə təslim olduğu və ya səkkiz milyon avronun taleyi barədə hələlik dəqiq məlumat yoxdur.

Digər Xəbərlər