Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ olacaq - QƏRAR
- 03.04.2026 11:37
- 70 baxış
Yeni tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81.3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilib.
Edalettv.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən yeni tikilən 81.7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81.3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən olunub.
Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri müəyyənləşib.
- başlanğıc nöqtəsi: M-6 Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 157-ci kilometri;
- son nöqtəsi: Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun (Zəfər yolu) 100.5-ci kilometri.
Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq edəcək.
Qeyd edək ki, ölkədəki ilk ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu 2023-cü il oktyabrın 20-də istifadəyə verilib.

