Azərbaycanda idarə rəisi həbs edildi

Torpaqların qanunsuz zəbt edilməsinə və tikinti işlərinin aparılmasına şərait yaratmaqda təqsirləndirilən şəxs həbs edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunması və müvafiq tikinti işlərinin aparılmasına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.

İstintaqla 2019-2020-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Təvəkkül oğlu Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Arzu Əliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Digər Xəbərlər