Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.

Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb.

İlkin sübutlar əsasında Valeh Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddələrlə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Digər Xəbərlər