Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
- 09.11.2024 11:48
- 60 baxış
Bakıda 57 sayda marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir, 15 marşrut xəttinin fəaliyyəti dayandırılır.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən:
- Üç sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi təyin edilib. Belə ki, başlanğıc dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 2 nömrəli, metronun "Nəriman Nərimanov" stansiyası olan 5 nömrəli və "Dərnəgül" stansiyası olan 88 nömrəli marşrut avtobuslarının təyinat nöqtəsi "28 May" NMM olacaq.
- Yeddi sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi metronun "Elmlər Akademiyası" stansiyası təyin edilib. Başlanğıc dayanacağı "Azadlıq Prospekti" stansiyası olan 6 nömrəli, Yasamal Yaşayış Kompleksi (MİDA) olan 10 nömrəli, 9-cu mikrorayon olan 18 nömrəli, Badamdar qəsəbəsi olan 31 nömrəli, Yeni Yasamal yaşayış massivi olan 39 nömrəli, Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 96 nömrəli, Lökbatan qəsəbəsi olan 125 nömrəli marşrut avtobuslarının son dayanacaq məntəqəsi metronun "Elmlər Akademiyası" stansiyası olacaq.
- 12 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi metronun "Ulduz" stansiyası təyin edilib. Yeni Günəsli qəsəbəsini metro ilə əlaqələndirən 36 nömrəli marşrutun sxemindən Müzəffər Həsənov küçəsi ("Yeni Klinika"), Tibb Universiteti və metronu birləşdirən 38 nömrəli marşrutun sxemindən isə Keşlə qəsəbəsi çıxarılıb. 71 nömrəli marşrut metronun "Azadlıq Prospekti" və "Ulduz" stansiyalarını əlaqələndirəcək.
Başlanğıcını Balaxanı (105 nömrəli), Buzovna (107 və 131 nömrəli), Bilgəh (172 nömrəli), Nardaran (189 nömrəli), Ramana (204 nömrəli), Məmmədli (217 nömrəli), Maştağa (M8 nömrəli) qəsəbələri və Savalan yaşayış massivindən (139 nömrəli) götürən marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
- Dörd sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi metronun "Xətai" stansiyası təyin edilib. Belə ki, Cəmşid Naxçıvanski küçəsindən başlanğıcını götürən 30 və 32 nömrəli, "Əhmədli" stansiyasından fəaliyyətə başlayan 21 nömrəli və Mehdi Hüseynzadə küçəsində (68 nömrəli məktəb) başlanğıc dayanacağı olan 49 nömrəli marşrutların təyinat nöqtəsi metronun "Xətai" stansiyası olacaq.
- 13 nömrəli marşrut Bakı Beynəlxalq Avtovağzal Kompleksini "Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi ilə, 15 nömrəli marşrut Keşlə qəsəbəsini Azər Manafov küçəsi ilə, 46 nömrəli marşrut Günəşli qəsəbəsini Həmrəylik küçəsi ilə, 60 nömrəli marşrut Polad Həşimov və Yavər Əliyev küçələrini, 61 nömrəli marşrut paytaxtın 9-cu mikrorayonunu Rəşid Behbudov küçəsi (Mərkəzi Bank) ilə, 65 nömrəli marşrut 9-cu mikrorayonu Azərbaycan prospekti ilə, 70 nömrəli marşrut "AzərSuTikinti" Xəstəxanasını metronun "Neftçilər" stansiyası ilə, 77 nömrəli marşrut Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN) ilə əlaqələndirəcək.
- 120 nömrəli marşrut Hövsan Yaşayış Kompleksi (MİDA) və metronun "Həzi Aslanov" stansiyasını, 141 nömrəli marşrut Buzovna-Şüvəlan şosesi və Mərdəkan qəsəbəsini, 149 nömrəli marşrut Sahil qəsəbəsi və "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzini, 198 nömrəli marşrut isə Zabrat dəmiryol stansiyası və Zabrat dairəsini birləşdirəcək.
- Zabrat qəsəbəsindən başlanğıcını götürən üç sayda müntəzəm marşrutun (118A, 118B və 148 nömrəli) son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası təyin edilib.
- Üç sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (dəmiryol stansiyası) təyin edilib. Belə ki, başlanğıc dayanacağı Ramana Yeni Yaşayış Kompleksi olan 163 nömrəli, Suraxanı qəsəbəsi olan 184 nömrəli və Ramana qəsəbəsi (Şuşa şəhərciyi) olan 214 nömrəli marşrutların təyinat nöqtəsi metronun "Koroğlu" stansiyasının cənub çıxışı ("Piramida" tərəf) olacaq.
- 62 nömrəli marşrut Sabunçu qəsəbəsini Nəsirəddin Tusi küçəsi ilə, 93 nömrəli marşrut metronun "Dərnəgül" stansiyasını Sabunçu qəsəbəsi ilə, 166 nömrəli marşrut isə Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsi ilə əlaqələndirəcək. Marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
- Üç sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi Zabrat dairəsinə təyin edilib. Başlanğıcını Pirşağı qəsəbəsindən götürən 173A və 173B nömrəli və Savalan yaşayış massivindən fəaliyyət göstərən 197 nömrəli marşrutların təyinat nöqtəsi Zabrat dairəsi olacaq.
- Sabunçu və Günəşli qəsəbələrini əlaqələndirən 40 və 55 nömrəli marşrutların fəaliyyəti Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə təşkil ediləcək.
- 140 nömrəli marşrut Şüvəlan qəsəbəsini metronun "Əhmədli" stansiyası ilə, 160 nömrəli marşrut isə Binə qəsəbəsini "Həzi Aslanov" stansiyası ilə əlaqələndirəcək. Avtobuslar Qala-Pirallahı yolu və Zığ şosesi ilə hərəkət edəcək.
- Başlanğıcını Kürdəxanı qəsəbəsindən götürən 185 nömrəli marşrutun son dayanacaq məntəqəsi "8-ci km" bazarı olacaq. Marşrutun fəaliyyəti Əsildar Məmmədəliyev küçəsinə (Sabunçu dəmiryol stansiyası) daxil olmaqla təşkil ediləcək.
- 3 nömrəli marşrut metronun "Dərnəgül" stansiyasını Badamdar qəsəbəsi ilə əlaqələndirəcək. Avtobusların qəsəbədən metro stansiyası istiqamətində hərəkəti Badamdar şosesi, M.Müşfiq küçəsi, H.Cavid prospekti, Ə.Haqverdiyev, Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, H.Ələsgərov, Mərdanov qardaşları və A.Bakıxanov küçələri, daha sonra isə öz hərəkət sxemi üzrə təmin ediləcək. Əks istiqamətdə isə avtobus marşrutu N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev, Ə.Haqverdiyev küçələri və H.Cavid prospekti, daha sonra isə öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
- 11 saylı məktəbi Yeni Yasamal yaşayış massivi ilə əlaqələndirən 17 nömrəli marşrut avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları və A.Bakıxanov küçələri, əks istiqamətdə isə H.Ələsgərov, S.Vurğun, Ş.Mehdiyev, A.Abbasov küçələri ilə hərəkət edəcək. Marşrut daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
- 15 sayda müntəzəm marşrutun (1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli) fəaliyyəti müvəqqəti dayandırılacaq.