Bakıda güclü külək 11 ağacı sındırıb
- 29.07.2023 11:52
- 98 baxış
Ötən gün axşam saatlarından etibarən Bakı şəhərində əsən güclü külək ciddi fəsadlara səbəb olmasa da, bəzi ağaclara ziyan vurub. Küləyin təsirindən şəhərdə 11 ağac sınıb, 19 ağacın budaqları qırılıb.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.
Qeyd edilib ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları bütün gecəni gücləndirilmiş iş rejimində çalışıblar. Birliyin mobil qrupları operativ şəkildə sınan ağacların kəsilməsini, zədələnənlərin budanmasını və ərazinin təmizlənməsini təmin ediblər.
Birlikdən verilən məlumatda o da qeyd edilib ki, ağaclar da canlı orqanizmdir, “xəstələnir, ömrünü başa vurur”:
“Bütün dünya ölkələrində olduğu kimi, bizdə də güclü küləkdən ağaclar sına bilir. Mövsüm ərzində birliyin əməkdaşları tərəfindən sınan ağacların yerinə Abşeron iqliminə uyğun yeni ağaclar əkiləcək”.