Biləsuvarda məscidin qarşısında insident: Borcunu istəyən ustanı güllələdi

Biləsuvarda güllələnmə hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini 1981-ci il təvəllüdlü Mais Nəsirov hər iki ayağından güllə yarası alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hadisəyə səbəb usta işləyən Mais Nəsirovun evini təmir etdiyi şəxsdən qalan borcu istəməsi olub. Bir müddət borclu qalmış ev yiyəsinin ustanı kənd məscidinin qarşısına çağırdığı, orada onun ayaqlarına ov tüfəngindən atəş açdığı bildirilir.

Məlumata görə, ev sahibinin ustaya 1000 manat borcu olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Aşağı Cürəli kənd sakini, 1978-ci il təvəllüdlü Zabir Qurbanxan oğlu Soltanov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər