Daha 25 ailə Zəngilanın Ağalı kəndinə yola salınıb

Bu gün daha 25 ailənin Zəngilanın Ağalı kəndinə köçü başlayıb.

“Report” xəbər verir ki, ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, doqquzu dördotaqlı, altısı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.

İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin torpaqlarımızı işğal etdiyi dövrdə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma sentyabrın 8-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 133-ə (649 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

Digər Xəbərlər