Dənizdə batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edildi

Astara şəhər çimərliyi ərazisində üç nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Astara şəhər çimərliyi ərazisində 3 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə yaxınlıqda xidmət aparan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Astara” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü İsmayıl Əsgərov, 1996-cı il təvəllüdlü Şiraz Qəribov və 1996-cı il təvəllüdlü Şəhriyar Mailzadə dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.

Digər Xəbərlər