Dənizkənarı Milli Parkda attraksionlar yenidən fəaliyyətə başlayır
- 14.10.2025 19:28
- 98 baxış
Dənizkənarı Milli Parkda attraksionlar yenidən fəaliyyətə başlayır.
Bir neçə il öncə istismar müddətini başa vurduğu üçün Dənizkənarı Milli Parkda böyüklər üçün nəzərdə tutulmuş attraksionların fəaliyyəti dayandırılıb və onlar ərazidən yığışdırılıb.
İctimai marağı nəzərə alan Dənizkənarı Bulvar İdarəsi bu istiqamətdə yenidənqurma və bərpa işləri həyata keçirib.
Nəticədə tamamilə yeni tərtibatda və müasir dizaynda yaradılmış əyləncə zonası ənənəvi məkanında ziyarətçilərin ixtiyarına verilir. Yeni attraksionlar - əvvəlki yerində fəaliyyətə başlayır.
Bu dəfə ziyarətçilər üçün rahat və innovativ sistemlər tətbiq olunub. Belə ki, kassa ilə yanaşı bilet terminalları da mövcuddur. Bu terminal vasitəsilə cəmi üç toxunuşla bilet əldə etmək mümkündür. Bu sistem həm insan sıxlığının idarə olunmasına, həm də şəffaflığa xidmət edir. Attraksionlar bütün texniki normalara, müasir tələblərə cavab verir. Buna baxmayaraq gündəlik əsasda texniki baxış həyata keçiriləcək.
Əyləncə zonasında Bulvarın ümumi üslubuna və dizayn koduna uyğun tərtibatda köşklər də quraşdırılıb.
Qeyd edək ki, attraksiondan yalnız boyu minimum 120 santimetr olan şəxslər istifadə edə bilərlər. Hamilə qadınlar, ürək, boyun və ya bel problemləri olan şəxslər, həmçinin başgicəllənmə və ya yırğalanma (kinetoz) narahatlığı olanlar və alkoqolun təsiri altında olan şəxslər attraksiona buraxılmır.

