Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisinin cəzası ağırlaşdırıldı
- 06.12.2023 18:28
- 97 baxış
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovun cəzası ağırlaşdırılıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, Zəngəzur mis-molibden zavodunda (ZMMZ) mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası qanunsuz olaraq ömürlük həbslə əvəz edilib.
“Apellyasiya Cinayət Məhkəməsində hakim Qriqor Ovannisyanın sədrliyi ilə keçirilən prosesdə ZMMZ-nin mühafizəçisi Ayrapet Meliksetyanın vərəsələrinin apellyasiya şikayəti təmin edilib, birinci instansiyanın hökmü qismən ləğv edilib və Axundova ömürlük həbs cəzası verilib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum etmişdi.