Füzuli şəhərinə köçən növbəti 21 ailəyə evlərinin açarları təqdim olunub
- 12.10.2023 13:57
- 110 baxış
Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 21 ailə olmaqla, 88 nəfər Füzuli sakini doğma yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.
Füzuliyə qayıdan ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.
Bununla da Füzuli şəhərində 208 ailə olmaqla, 749 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.