Hərbi toplanışların keçirilməsi qaydasına dəyişiklik təsdiqlənib
- 04.04.2024 17:41
- 119 baxış
Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1100-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Bu barədə President.az xəbər verir.
Fərmanla müəyyən edilir ki:
- “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.5-ci maddəsinin üçüncü cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
- həmin Qanunun 45.5-ci maddəsinin üçüncü cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.
Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1100-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmçinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1100-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli də Nazirlər Kabinetinə həvalə olunub.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I) isə aşağıdakı dəyişikliklər edilir:
- 5.1-ci bəndə “ikinci cümləsində ikinci halda” sözlərindən sonra “, üçüncü cümləsində ikinci halda” sözləri əlavə olunur;
- 4-1-ci bəndə “münasibətdə” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və” sözləri əlavə olunur;
- 5.12-ci bənddən “və ikinci cümləsində birinci halda” sözləri çıxarılsın və həmin bənddə “Xarici Kəşfiyyat Xidməti həyata keçirir” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər” sözləri ilə əvəz edilir;
- aşağıdakı məzmunda 5.12-1-ci və 5.12-2-ci bəndlər əlavə edilir:
“5.12-1. həmin Qanunun 45.5-ci maddəsinin ikinci cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;
5.12-2. həmin Qanunun 45.5-ci maddəsinin üçüncü cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər”.