İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev sentyabrın 15-də Bakıda keçirilən “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına müraciət ünvanlayıb.

President.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans münasibətilə səmimi-qəlbdən salamlayıram.

Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulub. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz bu ildə biz ulu öndər tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən güclü iqtisadiyyat görürük.

Müstəqilliyimizin ilk illərində iflasa uğramış ölkə iqtisadiyyatını dirçəltməyin yeganə yolunu bazar iqtisadiyyatına keçiddə, dünya iqtisadiyyatına inteqrasiyada görən ümummilli lider irimiqyaslı islahatlara start verib. Onun rəhbərliyi ilə korporativ idarəetmənin təkmilləşdirilməsi, azad rəqabət mühitinin dəstəklənməsi sahəsində görülən fundamental tədbirlər azad sahibkarlığın inkişafını ön plana çəkib. Eyni zamanda, Heydər Əliyevin uzaqgörən siyasəti, böyük dövlətçilik təcrübəsi və strateji baxışı ölkənin iqtisadi inkişafını təmin etməklə yanaşı, çoxvektorlu iqtisadi siyasətimizin əsasını qoyub, Azərbaycana dünyada etibarlı tərəfdaş statusu qazandırıb.

Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır.

Hesabatlılığın və obyektiv keyfiyyətli informasiya təminatının başlıca amili qismində şəffaflıq həm də resurslardan səmərəli və məqsədyönlü istifadənin əsası kimi dəyərləndirilməlidir. Müasir dövrümüzün qlobal çağırışlarına effektiv və çevik reaksiya verilməsi, eləcə də hazırkı dönəmdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ölkəmizdə maliyyə sektorunda aparılan islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir. Dövlətin maliyyə resurslarının qorunub-saxlanılması, onlardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün bu sahədə nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın artırılması və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi vacibdir. Həmçinin, milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə qeyri-dövlət nəzarətinin önəmli bir forması kimi ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Hörmətli konfrans iştirakçıları!

Bugünkü konfrans dayanıqlı inkişaf, hesabatlılıq, şəffaflıq məsələləri ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir. İnanıram ki, tədbir hesabatlılıq və şəffaflıq mühitinin daha da yaxşılaşdırılması imkanlarının müəyyənləşdirilməsi baxımından faydalı olacaq, ölkələrimizin rifahının yüksəlməsinə töhfə verəcək.

Bir daha sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm”.

Digər Xəbərlər