Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir

Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsi inşa edilir.

Məhəllə 6 fevral zəlzələsindən sonra göstərdiyi kömək və dəstəyə görə Azərbaycana təşəkkür etmək məqsədi ilə tikilir.

Bu barədə Kahramanmaraş Böyükşehir Bələdiyyəsi sədri Hayrettin Güngör bildirib. 

Onun sözlərinə görə, 320 sot sahədə qurulacaq məhəllənin 100 milyon dollarlıq hissəsi Azərbaycan tərəfindən qarşılanır.

Hayrettin Güngör qeyd edib ki, fəlakətin baş verdiyi ilk gündən Türkiyənin yanında olan Azərbaycana təşəkkür etmək üçün yaşayış evlərinin tikiləcəyi əraziyə “Azərbaycan məhəlləsi” adı verilib.

Məhəllədə ilkin olaraq aprelin 29-da Heydər Əliyev adına ibtidai məktəbin təməli qoyulub.

24 sinifli məktəbin təməlqoyma mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatılıblar. 

Azərbaycan məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbin tikintisi davam etdiyi sırada yaşayış və iş yerlərinin tikiləcəyi ərazilərdə də təməlin bərkidilməsi işləri aparılır.

Hayrettin Güngör çox gözəl bir məhəllənin salındığını vurğulayıb.

“Mənalı olması baxımından Heydər Əliyev küçəsi ilə Azərbaycan küçəsinin kəsişdiyi bu ərazidə azərbaycanlı qardaşlarımızın dəstəyi ilə bu məhəllə yaradıldı və “Azərbaycan məhəlləsi” adlandırıldı. İndi burada 1 323 yaşayış və 799 iş yerinin 100 milyon dollarlıq xərcini qardaş ölkə Azərbaycan qarşılayır. 320 sotluq ərazidə gərgin işlər gedir”, - deyə o qeyd edib.

Digər Xəbərlər