Lukaşenko: “Ermənistansız KTMT dağılan deyil”
- 25.02.2024 14:49
- 108 baxış
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan dağılan deyil”.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Paşinyana inteqrasiya strukturlarını tərk etməyə tələsməməyi tövsiyə edib.
Dövlət başçısı Ermənistan baş nazirinin İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı bəyanatını şərh edib.
Onun sözlərinə görə, Minsk Ermənistanın blokdan çıxması ilə bağlı heç bir bəyanat almayıb və hesab edir ki, bu ölkə təşkilata üzv kimi qalmalıdır.
“Əgər KTMT-də olmaq istəmirlərsə, olmasınlar. Ermənistansız təşkilat dağılan deyil. Ancaq İrəvandakı siyasətçilər ayılmalıdılar ki, sahib olduqlarını da itirməsinlər. Ümid edirəm ki, məndən inciməzlər. Zaman çox dəyişir və ümumən dünyada vəziyyət dəyişəcək. Buna görə də, kompakt dövlətlərə lüzumsuz hərəkətlər etmək lazım deyil. Mənə elə gəlir ki, Nikol emosional açıqlama verib”, - Belarus prezidenti jurnalistlərlə söhbətində deyib.
Mənbə: Belta