Paytaxt parklarında təmizlik-dezinfeksiya tədbirləri görülüb
- 01.08.2023 15:40
- 100 baxış
Ölkə başçısı İlham Əliyev tapşırıqlarına uyğun olaraq paytaxtımız Bakı şəhərində yeni parklar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud parklar təmir edilir, yenilənir. İnsanların istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edən bu parklarda sakinlərimizin və şəhərimizin çoxsaylı qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
“İsti yay günlərində parklardakı yaşıllıqlara qulluq göstərilməsi, burada təmizlik-sanitariya qaydalarına riayət olunması və sakinlərimizin normal istirahətinin təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, paytaxtın kommunal xidmətləri və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində paytaxtın park və istirahət bağlarında kommunal xidmət əməkdaşları tərəfindən təmizlik-dezinfeksiya tədbirləri görülür. İlk növbədə parklarda idman qurğuları, uşaq əyləncə avadanlıqları, mövcud tikili və pavilyonların ətrafı dezinfeksiya edilir, cücü və həşəratlara qarşı dərmanlanır, skamya və oturacaqlar yuyulur və digər təmizlik işləri həyata keçirilir. Həmçinin ətraf ərazilərdə məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında təmizlik-dezinfeksiya işləri görülür.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən parklardakı ağacların dibi yumşaldılır, həmişəyaşıl ağaclar yuyulur. Eyni zamanda yaşıllıq zolaqları və parklarda qazon örtüyünə daimi qulluq göstərilir.
Bu kimi təmizlik-dezinfeksiya tədbirləri şəhərdəki park və istirahət bağlarında, yaradılan abad məhəllələrdə mütəmadi olaraq keçiriləcək, parklarda təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək”, - deyə məlumatda bildirilib.