Polis orqanlarına bəzi vəzifələrə qəbul müsabiqəsi ELAN EDİLİR

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarışı üzrə əməliyyat müvəkkili, məsul növbətçi, təhqiqatçı və müstəntiq) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir. Vakant olan 70 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı - "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallardan ibarətdir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini "hüquqşünaslıq" ixtisası üzrə bitirmiş, yaşı 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü il noyabr ayının 01-dən 30-dək "http://www.mia.gov.az" veb saytında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər. Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.

Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: - şəxsiyyət vəsiqəsi; - ali təhsil haqqında diplom; - hərbi bilet; - əmək kitabçası (olanlar üçün). Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır. Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı Daxili İşlər Nazirliyinin www.mia.gov.az veb saytında yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52.

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanının proqramı

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:

Qanunvericilik aktları və nəzəri bilik sahələri:

  • Azərbaycan Respublikasının Konstitusiyası.
  • Dövlət və hüquq nəzəriyyəsi.
  • Cinayət hüququ.
  • Cinayət prosesi.
  • İnzibati hüquq.
  • Kriminalogiyanın əsasları.


Digər Xəbərlər