Prezident dövlət agentliyinə yeddi milyon manat ayırdı
- 08.09.2023 13:46
- 107 baxış
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
President.az-ın xəbərinə görə, sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq yeddi milyon manat ayrılır.
Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.
İqtisadiyyat Nazirliyinə qeyd olunan avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq həvalə olunub.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.