Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfər ediblər
- 07.11.2023 17:12
- 108 baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 7-də Şuşaya gəliblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi səkkiz hektara yaxındır. Burada səkkiz binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hazır mənzillərdə yaradılan şəraitlə tanış oldular.
Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və yeddi beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.
Qeyd edilib ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.