“Qarabağ” UEFA Avropa Liqasında mübarizəyə başlayır
- 10.08.2023 13:23
- 132 baxış
“Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.
“Köhlən atlar” III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HIK komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi israilli Roy Reinsreyber olacaq.
Ağdam klubunun heyətində Marko Veşoviç və Abbas Hüseynov zədə səbəbindən qarşılaşmanı buraxacaqlar. Helsinki təmsilçisində isə itkilər daha çoxdur. Qonaqlar ilk matçda Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riskinin xidmətindən istifadə edə bilməyəcəklər.
Komandalar arasında cavab oyunu avqustun 20-də keçiriləcək.
HIK 2021/22 mövsümündə Avropa Liqasının III raundunda “Neftçi”ni iki oyunun (3:0, 2:2) nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
10 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - HİK (Finlandiya)
Baş hakim: Roy Reinsreyber (İsrail)
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Olimpiya” (Sloveniya) - “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Uduzan komanda isə Konfrans Liqasında qrupa düşmək uğrunda “Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.