“Qarabağ”dan qələbəyə layiq heç-heçə!

Bu gün UEFA Avropa Liqasında 1/8 finalın ilk oyunları keçirilib.

Gundelikxeber.az xəbər verir ki, bu mərhələyə qədər irəliləyən Azərbaycan təmsilçisi "Qarabağ" da 1/8 finalın ilk matçına çıxıb.

Ağdam klubu Bakıda güclü "Bayer"i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. "Qarabağ" inamlı oyun nümayiş etdirib və bu mövsümün məğlubedilməz komandası olan "Bayer"ə ilk hissədə 2 qol vurub. Ancaq Almaniya təmsilçisi ikinci hissədə hesabı bərabərləşdirə bilib.

Hazırda Bundesliqada ən yaxın izləyicisi - ardıcıl 11 mövsümün çempionu "Bavariya"nı 10 xal qabaqlayaraq lider olan "Bayer" həm də bu mövsümün məğlubedilməz komandasıdır. Leverkuzenlilər "Qarabağ"la bugünkü bütün turnirlər daxil 34 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv  bunlardan 30-da qalib gəlib, 4 oyunda heç-heçə edib.

Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.

Əlavə edək ki, komandalar arasında cavab matçı martın 14-də Almaniyada keçiriləcək.

7 mart

UEFA Avropa Liqası

1/8 finalın ilk oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya) - 2:2 

Qol: Yassin Benzia, 26 (1:0), Juninyo, 45+2 (2:0), Florian Virtz, 70 (2:1), Patrik Şik, 90+2 (2:2)

Hakimlər: Benoit Bastian,  Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Digər Xəbərlər