Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevi təbrik edib
- 17.10.2023 12:11
- 98 baxış
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Möhtərəm Prezident,
Zati-alinizin rəhbərliyi altında tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan ötən 20 il ərzində böyük inkişaf və tərəqqi yolu keçib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” sözləri öz həqiqi təsdiqini tapıb. Sizin müdrik uzaqgörənliklə yaratdığınız bugünkü müasir Azərbaycan on illər ərzində həllini gözləyən problemləri geridə qoyaraq öz suverenliyinə və ərazi bütövlüyünə qovuşub, dünya birliyində öz layiqli yerinə ucalıb.
Ölkəmizdə bütün sahələrdə əldə olunan tarixi uğurların hər biri Sizin gərgin zəhmətinin və titanik əməyinizin bəhrəsi olub. Regionların sosial-iqtisadi inkişafından başlayan yol Azərbaycanın təkcə bölgələrinin tərəqqisinə deyil, hər bir azərbaycanlının rifahının yaxşılaşmasına, onun mənəvi baxımdan yenilənməsinə, zənginləşməsinə və nəhayət qalib dövlətin vətəndaşına çevrilməsinə gətirib çıxarıb.
Son illərə qədər bir milyondan artıq qaçqın və məcburi köçkünün vətəni olan Azərbaycan rəhbərliyiniz altında qüdrətli dövlət kimi öz çətinliklərinin öhdəsindən gələ bilib və ərazi bütövlüyünə qovuşmaq, hər bir vətəndaşının hüquqlarını təmin etmək üçün başlanan haqq savaşını Zəfərlə sona çatdırıb. Bunun nəticəsində yüzminlərlə vətəndaşımızın doğma vətənə qovuşmaq arzusu reallaşıb.
Uzun müddət ərzində Qarabağda mövcud olmuş cinayətkar xunta rejimi zamanında verdiyiniz müdrik qərarla həyata keçirilən antiterror tədbirləri nəticəsində məhv edilib və Azərbaycanın ay-ulduzlu bayrağı zati-aliniz tərəfindən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldılıb.
Möhtərəm Prezident, Siz ölkənin iqtisadiyyatını, sənayesini, ordusunu, insan potensialını davamlı şəkildə inkişaf etdirərək məqsədyönlü şəkildə bizi bugünkü əzəmətli Azərbaycanın vətəndaşı olmağa hazırlamısınız. Siz ulu öndər Heydər Əliyevin Azərbaycan tarixi və dövləti üçün olduqca böyük əhəmiyyət kəsb edən vəsiyyətini yerinə yetirərək ölkəmiz və insanlarımız üçün yeni yol xəritəsi müəyyənləşdirmisiniz.
Əminik ki, Ermənistan tərəfindən onilliklər boyu soyqırımı, deportasiya və təhdidlərə məruz qalmış, bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yüzminlərlə azərbaycanlının doğma vətəninə qayıtmaq hüququnun təmin edilməsi üçün başlatdığınız yeni haqq savaşı bizi daha böyük hədəflərə çatdıracaq. Sizin müzəffər Ali Baş Komandan kimi bu məsələdə ortaya qoyduğunuz prinsipial mövqe, xüsusilə 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında icma üzvləri ilə keçirdiyiniz görüş məsələnin önəmindən xəbər verir.
Siz Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstəyinizi ifadə edərək hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha isbat etmisiniz. İdeyanız əsasında hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu gün planlı şəkildə həyata keçirilir və bizi öz vətənimizə qayıdacağımız müqəddəs günə yaxınlaşdırır.
Rəhbərliyiniz altında ölkəmizin regionun önəmli güc mərkəzinə çevrilməsi, əldə edilən nailiyyətlərin miqyasının böyüklüyü, dünya birliyində davamlı yüksələn mövqeyimiz bizi daha işıqlı və xoşbəxt gələcək gözlədiyindən xəbər verir. Biz gələcəyə Prezident, qalib sərkərdə və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında getməkdən böyük qürur və fəxarət duyuruq.
Dərin hörmətlə
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov
Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov
Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov
Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı
Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov
Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov
Qəyyumlar Şurasının sədri Mürvət Həsənli”.