Sumqayıtın icra başçısı reyd zamanı məşhurlaşan məmurun vəzifəsini dəyişdirdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun vəzifəsi dəyişib.

Edalettv.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Zakir Fərəcov müvafiq əmr imzalayıb.

Belə ki, struktur dəyişikliyi nəticəsində icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilib. Buna görə də S.Bədəlov həmin sektordakı Baş məsləhətçi vəzifəsini itirib.

Amma icra başçısı onu işsiz qoymayıb. Belə ki, başçının əmrinə əsasən, S.Bədəlov ŞİH-də yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun Baş məsləhətçisi təyin edilib.

Qeyd edək ki, təxminən bir ay əvvəl sosial mediada və mətbuat orqanlarında Sumqayıtda keçirilən reyd zamanı satıcılardan birinin məhsullarının müsadirə edilməsi ilə bağlı yayılan görüntülər müzakirə yaratmışdı. S.Bədəlovun satıcıya "vətəndaşın hərəkət etdiyi səkidə məhsul satırsansa, bu, artıq sənin deyil, apar, qoy maşına..." deməsi tənqidlərə səbəb olmuşdu.

Digər Xəbərlər