Vətən müharibəsinin 31-ci günü: Ermənistan Bərdədə terror törədir

2020-ci il oktyabrın 27-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz birinci günü.

Edalettv.Az xatırladır ki, bir gün əvvəl tətbiq olunan humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutur.

Bununla düşmən, əslində, humanitar atəşkəsdən də öz mənafeyi üçün istifadə etdiyini bir daha aydın şəkildə göstərir. Eynilə prezidentin köməkçisi Hikmət Hacıyevin "Əl Cəzirə" kanalına müsahibəsində dediyi kimi:

"Humanitar atəşkəs zamanı humanitar fəaliyyətlər həyata keçirilir, əsgərlərin cəsədlərinin dəyişdirilməsi prosesi baş verir. Buna Azərbaycan müsbət cavab verib. Lakin Ermənistan vədlərinə sadiq qalmayıb. Oktyabrın 11-də Moskvada humanitar atəşkəslə bağlı bəyanat verildi. Ertəsi gün Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni "SCUD" raketi ilə vurdu. Burada 500 min insan yaşayır. Bu o deməkdir ki, Ermənistan mülki əhalinin sıx yaşadığı yaşayış məskəninə atəş açıb. Bu o deməkdir ki, Ermənistan humanitar atəşkəsi pozub. Ondan sonra ikinci dəfə humanitar atəşkəs elan edildi. Ermənistan bunu da pozdu. İkinci humanitar atəşkəs elan ediləndən iki dəqiqə sonra Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutdu. Onlara necə etibar etmək olar?! Onlar ikinci dəfə də Gəncə şəhərini "SCUD" raketi ilə vurdular, nəticədə 14 mülki şəxs həlak oldu və 40-dan çox insan yaralandı. İndiyədək 60-dan çox mülki azərbaycanlı öldürülüb. Döyüşlər başlayandan bəri 250 mülki şəxs yaralanıb. Bu o deməkdir ki, Ermənistan humanitar məqsədli atəşkəsdə maraqlı deyil. Əksinə, bundan istifadə edərək vaxt qazanmaq, yenidən qruplaşmaq, yeni hücumlara hazırlaşmaq istəyir".

Ermənistan ordusu, bir tərəfdən, humanitar atəşkəsi pozur, digər tərəfdən də təxribata əl atır. Günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulur. Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən "Smerç" raketindən atəşə tutulması nəticəsində dinc sakinlər - Ofeliya Məcid qızı Cəfərova, Aybəniz Əşrəf qızı Əhmədova, Ehtiram Xəlil oğlu İsmayılov və 2013-cü il təvəllüdlü Aysu Rövşən qızı İsgəndərova həlak olurlar, 14 nəfər isə xəsarət alır. Bununla da atəşkəs rejiminin tətbiq olunması ilə bağlı bütün razılaşmalar Ermənistan tərəfindən pozulur.

Ordumuz isə düşmənin törətdiyi təxribatlara mülki əhaliyə zərər vurmadan yalnız döyüş meydanında cavab verir. Döyüş əməliyyatları, əsasən, cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edir. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulur. Ordumuzun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilir. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da olur. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd "T-72" tankı, dörd ədəd "D-30" və üç ədəd "D-20" topu, bir ədəd "Osa-AKM" zenit-raket kompleksi, bir ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, bir ədəd radiolokasiya stansiyası və altı ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Beləliklə, müharibənin otuz birinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

Digər Xəbərlər